“Miqrasiya Məktəbi - 7” layihəsi çərçivəsində ilk təlimlər keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Məktəbi - 7” layihəsi üzrə ilk təlimlər təşkil olunub.
Təlimlər Xidmətin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin və Beynəlxalq əməkdaşlıq idarəsinin nümayəndələri tərəfindən keçirilib.
İnteraktiv şəkildə keçən təlimlərin mövzuları “Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi”, “Azərbaycanda əcnəbilərin olma və yaşama qaydaları”, “Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları” və “Miqrasiya barədə məlumat: əsas konsepsiya və terminlər, qlobal miqrasiya trendləri” mövzularına həsr olunub.
Təlimçilər iştirakçılara Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və miqrasiya sahəsində digər normativ hüquqi aktlar, həmçinin miqrasiya proseslərinin tənzimlənməsi məsələləri, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydası barədə məlumatlar verib və onları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.