Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları önünə qərənfillər düzülüb.
Həmçinin Azərbaycan xalqının tarixində dərin iz qoyan, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində (DMX) anım mərasimi keçirilib.
Əvvəlcə Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub, önünə qərənfillər düzülüb.
Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək 35 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələri tərəfindən törədilən qanlı cinayətlərdən danışıb. Bildirib ki, 20 Yanvar faciəsi nəticəsində 147 nəfər həyatını itirib, yüzlərlə dinc vətəndaş yaralanıb. Lakin bu qəddar və amansız hücum Azərbaycan xalqının ruhunu sarsıtmadı, əksinə müstəqillik uğrunda mübarizəni alovlandırdı və Azərbaycan müstəqilliyini bərpa etdi.
Xidmət rəisi 20 Yanvar faciəsinə ilk siyasi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. Həmin qətiyyətli mübarizənin və şəhidlərimizin fədakarlığı Azərbaycanın tarixi Zəfəri ilə yekunlaşdı. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək əzmkarlıq və şücaətlə döyüşərək torpaqlarımızı erməni işğalından azad etdi. Bu gün həmin ərazilərdə Azərbaycan bayrağının dalğalandığını, böyük quruculuq-yenidənqurma işləri ilə həyatın yenidən canlandığını vurğulayan Vüsal Hüseynov 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının Azərbaycanın müstəqilliyini və suverenliyini hüquqi cəhətdən təsbit edən ən yüksək hüquqi sənəd olduğunu diqqətə çatdırıb.
Tədbir 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs edən filmin nümayişi ilə başa çatıb.