Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Ağsu regional miqrasiya idarəsi tərəfindən Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatının inzibati binasında, Lənkəran regional miqrasiya idarəsi tərəfindən Astara rayon İcra Hakimiyyətində, Gəncə regional miqrasiya idarəsi tərəfindən isə Ağstafa rayonunda maarifləndirmə tədbirləri keçirilib.
Maarifləndirmə tədbirləri “Miqrasiya proseslərində regional miqrasiya idarələrinin rolu və fəaliyyət istiqamətləri”, “Tənzimlənməyən miqrasiya. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları” və “Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşama icazələrinin verilməsi qaydaları” mövzularına həsr edilib.
Tədbirlərdə aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, yerli icra və bələdiyyələrin nümayəndələri, işəgötürənlər, sahibkarlar, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Görüşlərdə əcnəbilərin hüquq və vəzifələri, əcnəbilərə müvəqqəti və daimi yaşama icazələrinin verilməsi qaydaları, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər, Çağrı mərkəzinin fəaliyyəti və elektron xidmətlər haqqında məlumat verilib.
Həmçinin Ağsu rayonu ərazisində qeydiyyatsız və sənədsiz yaşayan şəxslərin müəyyən edilməsi və onların sənədləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, miqrasiya sahəsində müvafiq orqanlarla qarşılıqlı əməkdaşlığın inkişaf mərhələləri ilə bağlı görülən işlər diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.