Dövlət Miqrasiya Xidmətində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Fəxri Xiyabanda Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Dövlət Miqrasiya Xidmətində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Heydər Əliyev muzeyi və Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib və görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin nəsillərə örnək olan şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətlərindən, həyata keçirdiyi işlərdən bəhs edib. Bildirib ki, millətinin sonsuz sevgi və məhəbbətini qazanmış Ümummilli Liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirir.
Tədbirin sonunda Ümummilli Liderə həsr edilmiş sənədli film nümayiş olunub.
Həmçinin Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Ulu Öndərin regionlarda ucaldılan abidələri ziyarət olunub, Ümummilli Liderə hörmət və ehtiram ifadə olunub.