Dövlət Miqrasiya Xidmətində Zəfər Günü münasibətilə tədbir keçirilib
Dövlət Miqrasiya Xidmətində tariximizin şanlı səhifəsi olan 8 noyabr - Zəfər Gününün 4-cü ildönümü ərəfəsində tədbir təşkil olunub.
Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin aparatında Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsini simvolizə edən “Zəfər Guşəsi” ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsində iştirak edən əməkdaşlarının olduğu tədbirə qonaq qismində Vətən müharibəsi qəhrəmanları - polkovnik leytenant Mirdamət Bağıyev, mayor Zaur Hüseynov və Birinci Qarabağ müharibəsi veteranı,yazıçı, şair, jurnalist, Şuşa şəhər sakini Kərim Kərimli dəvət olunub.
Görüşdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Əliyev I Qarabağ müharibəsinin iştirakçısı kimi Vətən savaşının qürurverici və çətin məqamlarına toxunub. Bildirib ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində rəşadətli Azərbaycan ordusu yenilməz gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib. Şanlı tariximizi əks etdirən bu əlamətdar təqvimin hər il hər bir azərbaycanlının iftixarla yaşadığı gün olduğunu diqqətə çatdırıb.
Tədbirin fəxri qonaqları polkovnik leytenant Mirdamət Bağıyev və mayor Zaur Hüseynov keçdikləri şərəfli, keşməkeşli döyüş yollarından bəhs ediblər. İştirakçılar yeni zəfər səlnaməsi yazmış şanlı Azərbaycan Ordusunun qələbələrindən söhbət açıblar. Həmçinin Birinci Qarabağ müharibəsi veteranı,yazıçı, şair, jurnalist, Şuşa şəhər sakini Kərim Kərimli illərlə yaşadığı torpaq nisgili və işğaldan azad edildikdən sonra öz ata-baba yurduna qayıtdığı zaman yaşadığı hisslər barədə təəssüratlarını Xidmət əməkdaşları ilə bölüşüb. Xankəndində illər sonra ilk toy mərasimi keçirilən Rəvanə Quliyeva və Fərhad Kərimli isə şad günlərinin işğaldan azad edilən torpalarımızda keçirildiyi üçün özlərini xoşbəxt hesab etdiklərini və bu ənənənin gənclər tərəfindən davam etdirəcəklərini bildiriblər.
Sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, yenilməz Ordumuzun rəşadəti sayəsində 44 gün ərzində apardığımız haqq savaşında qazanılmış şanlı Zəfərdən bəhs edən “Şuşa Sən Azadsan!” filmi nümayiş olunub.
Sonda xatirə şəkli çəkilib.