Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi mövzusunda seminar keçirilib
Dövlət Miqrasiya Xidmətində “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzusunda seminar keçirilib.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində təşkil olunan seminarda aidiyyəti dövlət qurumlarının, miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov DMX-nın miqrasiya sahəsində icra etdiyi dövlət siyasətinin müxtəlif aspektlərinə toxunub, həmçinin BMT-nin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” və digər beynəlxalq sənədlərdə yer alan müddəalar barədə məlumat verib və Xidmətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətləri diqqətə çatdırıb.
Çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva vətəndaş cəmiyyəti institutlarının ixtisaslaşması məsələsini vurğulayıb və bu kontekstdə miqrasiya sahəsində təşəkkül tapan müsbət presedentlər barədə danışıb.
İcra olunan layihə və əldə olunan nəticələr barədə məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qloballaşan dünyada ildən-ilə artan miqrant axınları, intensivləşən miqrasiya prosesləri barədə məlumat verib. Bildirib ki, intensivləşən miqrasiya prosesləri bütün maraqlı tərəflərin daha çevik strategiya əsasında fəaliyyət göstərməsini zəruri edir.
Tədbirdə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri Telman Məmmədov, miqrant icmasının üzvü Əli Şükri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “İnjuria” jurnalının Redaksiya Şurasının üzvü Hikmət Babayev miqrantlardan daxil olan müraciətlər barədə danışıb, layihə ilə bağlı fikirlərini bölüşüblər.
Sonda iştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.