newsPhoto

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib

Dövlət Miqrasiya Xidmətində “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

“Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması: beynəlxalq sənədlər, mövcud vəziyyət və bu sahədə fəaliyyət perspektivləri” mövzusunda təşkil olunan seminarda miqrantlarla yaxından işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov icra olunan layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Həmçinin tədbirdə əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması sahəsində həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.

İnteraktiv şəraitdə keçən tədbirdə çıxış edənlər miqrantların hüquqi statusu, əmək fəaliyyəti, ölkə ərazisində olma və yaşama icazələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur