“Miqrasiya Məktəbi – 6” layihəsinin bağlanış mərasimi keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 6” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək layihədə iştirak edən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 2018-ci ildən hazırki tarixədək ümumilikdə altı Miqrasiya məktəbi çərçivəsində 100-ə yaxın gəncin iştirakı ilə 180-dən çox təlim keçirilib. Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla reallaşdırılan “Miqrasiya məktəbi” layihəsi gənclərin miqrasiya ilə bağlı biliklərinin artırılmasına və dövlət idarəçiliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsinə xidmət edib.
Mərasimdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Troy Duli və “Miqrasiya məktəbi – 6” layihəsinin iştirakçıları ürək sözlərini bildiriblər və öz təəssüratlarını bölüşüblər.
Sonra “Miqrasiya məktəbi - 6” layihəsi çərçivəsində keçirilmiş təlimlərlə bağlı video-icmal nümayiş olunub.
Sonda “Miqrasiya Məktəbi - 6” layihəsini uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş, 24 iştirakçının olduğu “Miqrasiya Məktəbi – 6” layihəsi çərçivəsində reallaşdırılan 30 təlim DMX-nin aidiyyəti struktur bölmələri ilə yanaşı, layihə üzrə tərəfdaşlar, eləcə də dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilib.
Bundan əlavə, iştirakçıların Xidmətin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinə, qəbul şöbəsi və Çağrı mərkəzi şöbəsinə, eləcə də Xaçmaz regional miqrasiya idarəsinə və miqrasiya bölməsinin işi ilə tanışlıq məqsədilə “Quba Asan Xidmət” mərkəzinə, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ofisinə təlim səfərləri təşkil olunub və Xidmətin müvafiq struktur bölmələrində praktika keçmələrinə şərait yaradılıb.