Almatı Prosesi çərçivəsində yüksək vəzifəli şəxslərin 9-cu görüşü keçirilib
Bakıda Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi platforma olan Almatı Prosesi çərçivəsində iyun ayının 25-də yüksək vəzifəli şəxslərin 9-cu görüşü keçirilib. Qeyd edək ki, Almatı Prosesi 10 dövləti və 3 beynəlxalq təşkilatı özündə birləşdirir. Görüşdə Prosesdə iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, İtaliya, Türkmənistan, Özbəkistanın səlahiyyətli nümayəndələri ilə yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yüksək vəzifəli rəsmiləri də iştirak edib.
Tədbirdə Almatı prosesi kontekstində Azərbaycanın sədrliyinin prioritetləri ilə bağlı görülmüş işlər və planlaşdırılan tədbirlər barədə məlumat verilib. Sonra tədbirin gündəliyinə uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin “Azərbaycanın Almatı prosesinə sədrliyi çərçivəsində prioritetlərin və planlaşdırılan fəaliyyətlərin icmalı: keçmişə və gələcəyə baxış” mövzusunda, BMqT-nin Vyana Regional Ofisinin miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi üzrə regional mütəxəssisinin “İqlim dəyişikliyi kontekstində insanların mobilliyi” mövzusunda çıxışları dinlənilib.
Görüş “Almatı prosesi regionunda iqlimlə əlaqədar miqrasiya: mövcud problemlər və müvafiq cavab mexanizmləri” mövzusunda panel müzakirələrlə davam etdirilib. Panel müzakirələrdə Qazaxstan, Tacikistan, Türkiyə, Qırğızıstan və İtaliyanın səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib.
Tədbirin sonunda Almatı Prosesinin növbəti Nazirlər Konfransı zamanı qəbul edilməsi nəzərdə tutulan Bakı Bəyannaməsinin layihəsi ətrafında plenar müzakirələr aparılıb.