newsPhoto

“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman)  “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqlarına və dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə tədbirlər keçirməklə bağlı çağırışına dəstək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən də silsilə tədbirlər təşkil olunub.

Bu istiqamətdə Naxçıvan regional miqrasiya baş idarəsi və Ağsu, Şirvan, Şəki, Lənkəran, Yevlax, Gəncə, Xaçmaz regional miqrasiya idarələri tərəfindən Kürdəmir, Şirvan, Qax, Astara, Mingəçevir, Naftalan, Xaçmaz və Naxçıvanda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər “Regionlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları və onların təminatı”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, tənzimlənməyən vəziyyətdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları” mövzularına həsr olunub.

Tədbirlərdə Ombudsman aparatının regionlar üzrə nümayəndələri, rayon icra hakimiyyətlərinin ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları əməkdaşları, sahibkarlar, işəgötürənlər, ümumitəhsil məktəblərinin  direktorları, müəllim-tələbə heyəti,  ictimaiyyət nümayəndələri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

"İnsan hüquqları aylığı" mövzusuna həsr olunan maarifləndirmə tədbirlərində  əcnəbi və vətəndaşlığı  olmayan şəxslərin hüquq və vəzifələri, eyni zamanda  Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlar verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur