Miqrasiya orqanlarına qulluğa yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
Miqrasiya orqanlarına qulluğa yeni qəbul olunan əməkdaşların “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə uyğun olaraq andiçmə mərasimi keçirilib.
Xidmətin Heydər Əliyev muzeyində təşkil olunan mərasimdə qulluğa yeni qəbul edilmiş əməkdaşlar miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, miqrasiya qulluqçusunun şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.
Xidmətə yeni başlayan əməkdaşları təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev onlara uğurlar arzulayıb, tövsiyələrini verib.
Qeyd edək ki, Miqrasiya orqanlarına qulluğa yeni qəbul edilmiş əməkdaşlara ilkin peşə hazırlığının aşılanması məqsədilə Dövlət Miqrasiya Xidmətində təlimlər də təşkil olunub. Kurs çərçivəsində namizədlərə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, “Korrupsiya ilə əlaqədar hüquq pozuntusuna görə məsuliyyət”, “Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması”, “İnsan alverinin və məcburi əməyinin qurbanı olan şəxlərin, o cümlədən miqrantların müəyyən edilməsi, onların müdafiəsi”, "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” və “Çempion ölkələr” təşəbbüsü”, “Readmissiya məsələləri”, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və xitam məsələləri” və digər mövzularda təlimlər keçirilib.
Təlimlərdə Dövlət Miqrasiya Xidmətinin müxtəlif struktur bölmələrinin təcrübəli əməkdaşları təlimçi qismində iştirak ediblər.
Kurs çərçivəsində dinləyicilər Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi və Çağrı mərkəzi şöbəsinin fəaliyyəti, iş şəraiti ilə tanış olublar. Onların Azərbaycan İstiqlal Muzeyinə ziyarəti də təşkil olunub.
Sonda tədris kursunu uğurla bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.