newsPhoto

Dövlət Miqrasiya Xidmətində Moldovanın daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Moldova Respublikasının daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. 2007-ci ildə imzlanan “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edən Xidmət rəisi illər ərzində qurulmuş səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Vüsal Hüseynov Azərbaycanda miqrasiya idarəetmə sistemi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin idarəolunmasında tətbiq edilən yeniliklər, miqrasiya məsələləri üzrə potensialın artırılması istiqmətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Xidmət rəisi miqrasiya proseslərinin daha səmərəli tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətindən danışıb. Xüsusilə Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə həyata keçirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində reallaşdırılan təlimlərin regionda miqrasiya sahəsində təhsil və təlim prosesinə, bu sahədə mütəxəssislərin hazırlanmasına töhfəsini qeyd edib. Həmçinin layihədə Moldovanın fəal iştirakını və  bu istiqamətdə əməkdaşlığın daha da gücləndirilməsini yüksək qiymətləndirib.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkür edən Adrian Efros birgə əməkdaşlığı yüksək qiymətləndirib, miqrasiya sahəsində əlaqələrin vacibliyini vurğulayıb, habelə əməkdaşlıq əlaqələrinin bundan sonra da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş çərçivəsində  “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanlıb. Hər iki sənəd gələcəkdə miqrasiya sahəsində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi, miqrasiya dialoqunun dəstəklənməsi, miqrasiya sahəsində birbaşa məlumat mübadiləsinin təmin edilməsi, qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin kimi səciyyələndirilib.  

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb və xatirə hədiyyələri təqdim olunub.

Sonra qonaqlar Xidmətin Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi” və Heydər Əliyev Muzeyi ilə tanış olub, Adrian Efros Xatirə kitabına ürək sözlərini yazıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur