“Miqrasiya Məktəbi - 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir
Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən növbəti “Miqrasiya Məktəbi – 6” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən “Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası”, “Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq”, “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti”, Daxili İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ombudsman Aparatı nümayəndələri tərəfindən isə “İnsan alverinə qarşı mübarizə”, “Məcburi köçkünlərin böyük qayıdışı və reinteqrasiyası” və “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları” mövzularında interaktiv şəkildə təlimlər keçirilib.
Həmçinin iştirakçılar Xidmətin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi və Çağrı mərkəzi şöbələrinin, eləcə də Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti və iş şəraiti ilə tanış olublar.
Xatırladaq ki, iştirakçılar proqram müddətində Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin işi ilə də tanış olmaq imkanı əldə edəcək və proqramın sonunda təlimi uğurla tamamlamış iştirakçılara sertifikatlar veriləcək.