newsPhoto

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub

Aprelin 24-də ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”ni imzalayıblar.

Mərasimdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sənədi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Qırğız Respublikasının əmək, sosial təminat və miqrasiya naziri Qulnara Baatırova imzalayıblar.

Sözügedən Saziş miqrasiya sahəsində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında məlumat və təcrübə mübadiləsi, səlahiyyətli orqanların əməkdaşlarının ixtisasının artırılması, birgə tədbirlərin və layihələrinin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətlərinin işlənib hazırlanması və inkişaf etdirilməsini nəzərdə tutmaqla yanaşı, eyni zamanda hər iki dövlətin ərazisində olan vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi sahəsində əlaqələrin inkişafına da xidmət edəcəkdir.

Saziş həmçinin miqrasiya sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi baza yaratmaqla, miqrasiya proseslərinin tənzimlənməsi, təcrübə, statistik, elmi, metodiki və digər məlumatların mübadiləsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir.

Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur