“Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un növbəti iclası keçirilib
Ölkə ərazisində vətəndaşsızlıq hallarını aradan qaldırmaq məqsədilə yaradılmış və fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən “Vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrup”un növbəti iclası keçirilib.
İşçi Qrupun iclasında Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Dövlət Statistika Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, həmçinin Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri iştirak edib.
Görüşdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi ölkə ərazisində vətəndaşsızlıq hallarının azaldılması və məlumatlılığın artırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər və görülmüş işlər barədə məlumat verib.
BMT QAK-ın nümayəndələri isə ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlığı diqqətə çatdırıb, “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində həyata keçirilən işlərin önəmini vurğulayıblar.
Sonra İşçi Qrupun digər üzvləri səlahiyyətləri daxilində gördükləri işlər barədə məlumat veriblər. Mütərəqqi və innovativ metodların tətbiqi ilə vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müəyyən edilməsi və sənədləşdirilməsi ilə bağlı milli səviyyədə səylərin daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.
Sonda vətəndaşsızlıq hallarının aradan qaldırılması, habelə bu istiqamətdə məlumatlılığın artırılması üçün zəruri tədbirlər barədə müzakirələr aparılıb.