newsPhoto

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü qeyd edilib

Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

Bu əlamətdar gün münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərliyi ilə şəxsi heyət Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanında Vətənimizin qəhrəman oğul və qızlarının unudulmaz xatirəsi yad edilib.

Dövlət Miqrasiya Xidmətinin aparatında qurumun yaradılmasının 17-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib. Görüş iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətində Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi”nin  önünə gül dəstələri düzüblər.

Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Vüsal Hüseynov qurumun yaradılmasının 17-ci ildönümü və peşə bayramı günü, eləcə də Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi ötən il dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin öyrənilməsi işinin daha da artırılması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən də paytaxtda və regionlarda silsilə tədbirlərin keçirildiyini bildirib. Vüsal Hüseynov ötən il ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu və ilk dəfə olaraq bütöv Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirildiyini fəxr və qürur hissi ilə diqqətə çatdırıb. 

17 il ərzində Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yoluna, əldə etdiyi nailiyyətlərə, reallaşdırılan tədbir və layihələrə nəzər salan Vüsal Hüseynov Xidmətin fəaliyyətinin dinamikasının artdığını, elektron xidmətlərin genişləndirildiyini, beynəlxalq əməkdaşlığın gücləndirildiyini, tənzimlənməyən miqrasiyaya qarşı uğurlu mübarizə tədbirlərinin həyata keçirildiyini qeyd edib.

Həmçinin Xidmət rəisi vətəndaş məmnunluğunun artırılması, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətindən görülən işlərdən, qarşıya qoyulmuş hədəflərdən danışıb. Xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar tapşırıqların icrası ilə bağlı DMX-nın da üzərinə düşəcək vəzifələri yüksək keyfiyyətlə həyata keçirəcəyinə ümidvar olduğunu ifadə edib.

Vüsal Hüseynov miqrasiya orqanları əməkdaşlarının müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il           2 fevral tarixli müvafiq sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilən miqrasiya orqanları qulluqçularına medallar təqdim olunub.

Eyni zamanda Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi ilə bağlı Xidmət rəisinin imzaladığı əmrlər elan olunub.

Tədbirin sonunda Dövlət Miqrasiya Xidmətinin 2023-cü il ərzindəki fəaliyyətinə həsr edilən video icmal nümayiş olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur