newsPhoto

Bakıda Almatı Prosesinin Texniki ekspert qrupunun görüşü keçirilib

Bakıda Azərbaycanın 2023-cü ildən iki il müddətinə sədrlik etdiyi Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi platforma olan Almatı Prosesi çərçivəsində Texniki ekspert qrupunun görüşü keçirilib.

Azərbaycan, Türkiyə, Qırğızıstan, Tacikistan, Pakistan, İran, Özbəkistan və Türkmənistan nümayəndələrinin təmsil olunduğu görüşdə, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ekspertləri də iştirak ediblər.

Tədbirin gündəliyinə uyğun olaraq, əvvəlcə nümayəndələr öz dövlətlərində miqrasiyanın cari vəziyyəti və trendləri barədə məruzə və təqdimatlarla çıxış ediblər.

Daha sonra iştirakçılar məlumat mübadiləsinin və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsində, əməkdaşlığın dərinləşdirilməsində, eləcə də qabaqcıl təcrübələrin, statistik məlumatların mübadiləsində Almatı Prosesinin rolu ətrafında fikir mübadiləsi aparıblar.

İnteraktiv formatda keçirilən sessiyalarda miqrasiya üzrə statistik məlumatların idarəolunması üzrə bacarıqların təkmilləşdirilməsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin mümkün töhfələri ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Almatı Prosesinin üzv dövlətləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistandır. İran, İtaliya, Pakistan, Türkmənistan, həmçinin Türk Dövlətləri Təşkilatı Prosesdə müşahidəçi statusuna malikdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur