Dövlət Miqrasiya Xidmətinin rəisi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin – 75 illiyinə həsr olunmuş konfransda iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Birləşmiş Millətlər Təşkilatının Azəbaycan Respublikasındakı Nümayəndəliyi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin – 75 illiyinə həsr olunmuş “Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviqi” mövzusunda konfrans keçirilib.
Konfransda Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi: nailiyyətlər və çağırışlar” mövzusunda panel müzakirələrində çıxış edib. İkinci Dünya Müharibəsinin başa çatması, Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsininin qəbul edilməsinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində önəmini və əhəmiyyətli rolunu diqqətə çatdırıb. Bildirib ki, Bəyannamənin qəbulundan ötən müddət ərzində miqrasiya və köçürülmənin miqyasında baş verən dəyişikliklər qeyd olunan məsələlərin aktuallığını daha da artırıb.
Xidmət rəisi Azərbaycanın da məcburi köçürülmənin fəsadları ilə üzləşmiş ölkələr sırasında olmasını təəssüf hissi ilə qeyd edib. Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünün layiqli yaşama, təhsil, səhiyyə, sosial-təminat kimi bütün hüquq və azadlıqlarının təmini sahəsində ciddi işlər görüldüyünü və əhəmiyyətli nailiyyətlər əldə edildiyini bildirib.
Xidmət rəisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun rəşadəti ilə işğal olunmuş ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpası nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa olunduğunu diqqətə çatdırıb. Onların davamlı məskunlaşması və uğurlu reinteqrasiyasının təmin edilməsi istiqamətində Azərbaycan Hökuməti tərəfindən mühüm işlərin görüldüyünü qeyd edib.
Miqrantların hüquqlarının qorunması istiqamətində fəaliyyətlərə diqqət çəkən Vüsal Hüseynov qanuni miqrasiyanın təşviq edilməsi, elektronlaşma və dövlət xidmətlərinə çıxışın asanlaşdırılması yolu ilə miqrantların hüquqlarının səmərəli müdafiəsinin təmininə yönəlik tədbirləri diqqətə çatdırıb. Azərbaycanın təhlükəsiz, nizamlı və qanuni miqrasiya, eləcə də qaçqınlar üzrə Qlobal Paktlara qoşulan ilk ölkələr sırasında olduğunu qeyd edib. Miqrasiya üzrə Qlobal Paktın icrasına dair Çempion ölkə kimi üzərinə düşən vəzifələrin icrasında nümunəvi yanaşma nümayiş etdirdiyini, onun təşviqi ilə bağlı müxtəlif səviyyələrdə həyata keçirilən fəaliyyətlərdə də yaxından iştirakını vurğulayıb.
Daha sonra tədbir çərçivəsində “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi: nailiyyətlər və çağırışlar”, “İnsan hüquqları, vətəndaş cəmiyyəti institutlarının rolunun təşviqində alətlərin və metodologiyaların genişləndirilməsi” mövzularında dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin çıxışları dinlənilib.