Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 114-cü sessiyasında iştirak edir
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının hibrid formatda 114-cü sessiyasında təmsil olunur.
Hər il keçirilən və BMqT-nin ali tədbiri hesab edilən sessiyada gündəliyə uyğun olaraq təşkilati, eləcə də Şura sədrinin və məsul şəxslərinin seçilməsi məsələlərinə baxılıb. Həmçinin cari sessiya çərçivəsində iqlim dəyişikliyinin insan yerdəyişməsinə təsirinə dair yüksək səviyyəli seqmentin təşkili planlaşdırılıb.
Sessiyada Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək öncə xanım Emi Popu BMqT-nin Baş Direktoru seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Tədbirin miqrasiya sahəsində atılan önəmli addımların müzakirəsi üçün əhəmiyyətini diqqətə çatdırıb.
Xidmət rəisi dünyada münaqişələr və bərabərsizliklər nəticəsində yaranan məcburi köçkünlüyün insan talelərinə, hüquqlarının pozulmasına, eləcə də sosial durumlarına təsir edən əsas amil olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan bu problemlərlə üzləşən ölkələrdən biridir və 30 ildən artıqdır ki, bir milyondan artıq məcburi köçkün və qaçqının hüquqlarının müdafiəsi ilə bağlı məsələləri həll edir. Vüsal Hüseynov Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa olunduğu diqqətə çatdırıb. Xidmət rəisi məcburi köçkünlərin davamlı məskunlaşması və uğurlu reinteqrasiyasının təmin edilməsi istiqamətində Azərbaycan Hökuməti tərəfindən mühüm işlərin görüldüyünü qeyd edib.
Ölkəmizdə miqrasiyanın idarə edilməsində həyata keçirilən mühüm tədbirlərdən, layihələrdən danışan Vüsal Hüseynov miqrantların hüquqlarının müdafiəsinin, miqrasiya sahəsində inzibati prosedurların sadələşdirilməsinin, təhlükəsiz və qanuni yolların genişləndirilməsinin, eləcə də maraqlı tərəflərlə tərəfdaşlıqların vacibliyini önə çəkib.
Sonra sözügedən sessiya zamanı BMqT-yə üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrinin miqrasiya idarəçiliyi ilə əlaqədar görülən işlər barədə çıxışları dinlənilib və müzakirələr keçirilib.
Sessiya öz işini noyabrın 29-dək davam etdirəcək.