newsPhoto

Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərlə bağlı seminar keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX), Ədliyyə Nazirliyi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi və Məhkəmə-Hüquq Şurası ilə birgə “Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanın milli məhkəmə sisteminə çıxış imkanlarının artırılması” mövzusunda iki günlük seminar keçirilib.

Tədbirin məqsədi sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatlarına dair beynəlxalq təlimatların və tövsiyələrin bölüşülməsi, eləcə də  qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) prosedurunun effektiv şəkildə həllinə təsir edəcək müzakirələrin təşkili olub.

Seminarda dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, hakimlər, hüquqşünaslar, elmi dairələrin təmsilçiləri iştirak edib.

Görüşdə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi xanım Bik Lum, DMX-nın Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, BMT QAK-ın hüquq şöbəsinin müdiri İvan Çarnetski, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Aparatının sektor müdiri Turan Cahangirova çıxış edərək seminarın əhəmiyyətini qeyd edib, qaçqınların və qaçqın statusu almaq niyyətində olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Birgə əməkdaşlıq çərçivəsində təşkil edilən seminarın qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, nailiyyətlərin müzakirəsi və problemlərin effektiv həlli üçün mühüm platforma rolunu oynadığı diqqətə çatdırılıb.

Bildirilib ki, qaçqınlar və vətəndaşlığı olmayan şəxslər üçün dayanıqlı həllərin təşviqində BMT QAK dövlət qurumları ilə birgə səmərəli fəaliyyət göstərir. Sığınacaq axtaran və vətəndaşlığı olmayan şəxslərə milli məhkəmə sisteminə çıxışları və ölkədə hüquqlarını həyata keçirmələri istiqamətində müxtəlif məsələlərlə bağlı hüquqi məsləhət və ya yardımlar edilir.

 Sonra təlimçilər təqdimatlarla çıxış ediblər. Seminar çərçivəsində Azərbaycanda sığınacaq müraciətləri ilə bağlı milli istiqamətləndirmə mexanizmləri, qaçqınlar və sığınacaq axtaran şəxslərlə bağlı Azərbaycanda milli məhkəmə sistemi, sığınacaq ilə bağlı işlərdə səmərəli müdafiə hüququ və prosedural öhdəliklər, mənşə ölkəsi barədə məlumatların sığınacaq müraciətləri ilə bağlı məhkəmə işlərində rolu, vətəndaşlığa və vətəndaşsızlığa dair beynəlxalq hüquqi çərçivə, vətəndaşsızlıq riski altında olan şəxslərin sənədləşməsində məhkəmə proseslərinin rolu, müsbət məhkəmə presedentləri və nailiyyətlər barədə təlimçilərin çıxışları dinlənilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur