newsPhoto

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən regionlarda silsilə tədbirlər təşkil olunub

20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlara diqqət və qayğının təşviq edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən tədbirlər təşkil olunub.

Gəncə, Naxçıvan, Qəbələ, Lerik, Qusar, Bərdə, Ağsu və Salyanda keçirilən tədbirlər miqrant uşaqların hüquq və vəzifələri, onların leqallaşdırılması proseduru mövzularına həsr olunub.

Təbdirlərdə yerli icra hakimiyyətinin, bələdiyyələrin, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlərdə regional miqrasiya idarələrinin məsul əməkdaşları çıxış edərək cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların müdafiəsinin ölkəmizdə daim diqqət mərkəzində olduğunu bildiriblər. Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvünün də məsuliyyət daşıdığını vurğulayıblar. Həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və “Miqrasiya Məcəlləsi”nin müvafiq maddələrinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqları və qanunvericilikdə uşaqlar üçün nəzərdə tutulmuş imtiyazlar barədə məlumat verilib.

Həmçinin yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərlə bağlı təqdimatlar keçirilib. Əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması, Xidmətə edilən müraciətlərə sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Xidmətin rəsmi internet səhifəsi üzərindən elektron müraciətlər izah olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur