Qanunsuz miqrasiya ilə mübarizə sahəsində ictimai müzakirə təşkil olunub
Dövlət Miqrasiya Xidmətində “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan cəmiyyətinə miqrantların inteqrasiyası və bu sahədə tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib.
“Qanunsuz miqrasiya ilə mübarizədə QHT-lərin rolu” mövzusunda təşkil olunan ictimai müzakirədə miqrant qrupları ilə işləyən, o cümlədən insan alveri problemi ilə mübarizə aparan qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Xidmət tərəfindən qanuni miqrasiyanın təşviqi və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Sonra “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov çıxış edərək qanunsuz miqrasiyanın yaranma səbəbləri və onunla mübarizə strategiyası haqqında danışıb. Bildirilib ki, bu kimi halların aradan qaldırılması hədəf qrupları arasında məlumatlandırma kampaniyasının daha əhatəli və intensiv aparılmasını zəruri edir.
Bununla yanaşı qeyri-hökümət təşkilatlarının nümayəndələri təmsil etdikləri ictimai təşkilatların ölkəmizin müxtəlif regionlarında həyata keçirdikləri tədbirləri, qanunsuz miqrantlarla və risk qrupuna aid edilən əcnəbilərlə bağlı üzləşdikləri həssas məsələləri diqqətə çatdırıblar. Xüsusilə də qanunsuz miqrasiyanın, o cümlədən insan alverinin yaratdığı fəsadlara nəzər salınıb, bu problemlə mübarizə ilə bağlı təklif və tövsiyələr qeyd edilib.
Sonda iştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.