İctimai Şuranın üzvləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə monitorinq səfəri ediblər
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, İctimai Şuranın sədr müavinləri Fuad Əliyev və Rəhilə Mehdiyeva, üzvlər Günel Gözəlova, Məhsəti Hüseynova, Məmməd Kətanov və Əli Fərzəliyev oktyabrın 11-də Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə monitorinq səfəri ediblər. Səfərdə məqsəd, Mərkəzdə yerləşdirilən əcnəbilər üçün yaradılan şəraitlə əyani şəkildə tanışlıq olub.
İctimai Şuranın üzvləri əyani olaraq qanunsuz miqrantların Mərkəzə qəbulu və yerləşdirilməsi prosesi, onların saxlanıldıqları şərait, mərkəzin yataqxana korpuslarına, yaşayış və tibb otaqlarına, görüş otağı, istirahət otaqları, yeməkxana, təmizlik və gigiyena qaydalarına riayət şəraiti, təminat anbarı və digər yerlərlə tanış olublar. Habelə Mərkəzdə yerləşdirilən şəxslərlə görüşüblər. Onları narahat edən məsələlər ətrafında müzakirələr aparıblar.
İctimai Şura üzvləri Mərkəzin fəaliyyətinin və miqrantlar üçün yaradılan şəraitin miqrasiya qanunvericiliyində nəzərdə tutulan insan hüquq və azadlıqlarının təmin olunması prinsiplərinə uyğunluq təşkil etdiyini bildiriblər.