newsPhoto

Bakıda Azərbaycanın sədrlik etdiyi Almatı Prosesi çərçivəsində yüksək vəzifəli şəxslərin 8-ci görüşü keçirilib

Bakıda Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi statusa malik platforma olan Almatı Prosesi çərçivəsində oktyabrın 12-də yüksək vəzifəli şəxslərin 8-ci görüşü keçirilib. Qeyd edək ki, Almatı Prosesi 10 dövləti və 3 beynəlxalq təşkilatı özündə birləşdirir. Görüşdə Prosesdə iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, İran, İtaliya, Pakistan, Türkmənistan, Özbəkistanın səlahiyyətli nümayəndələri ilə yanaşı,   Prosesin katibliyi qismində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) yüksək vəzifəli rəsmiləri də iştirak edib.  

          Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qonaqları salamayaraq bildirib ki, artıq 10 ildən çoxdur ki, region ölkələrini öz ətrafında birləşdirməyə müvəffəq olmuş Almatı Prosesi iştirakçı dövlətlərin miqrasiya proseslərinin tənzimlənməsinin müxtəlif istiqamətləri üzrə ehtiyaclarının müəyyən edilməsi və qarşılanması yönündə ardıcıl və uğurlu fəaliyyət göstərib. Azərbaycanın sədrliyi çərçivəsində qanuni miqrasiyanın təşviqi, bu istiqamətdə beynəlxalq mütərəqqi təcrübələrin milli səviyyədə tətbiqinin dəstəklənməsi, Prosesdə iştirak edən dövlətlərin vətəndaşları üçün səciyyəvi olan miqrasiya marşrutları və Tarixi İpək yolu üzərində yerləşən dövlətlərlə, eləcə də miqrasiya üzrə fəaliyyət göstərən digər məşvərətçi platformalarla əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətin qurulması nəzərdə tutulub.  

Azərbaycanın öz miqrasiya siyasətini miqrantlar üçün rahatlığın təmin edilməsi, miqrasiya sahəsində inzibati prosedurların minimuma endirilməsi və rəqəmsallaşmanın təşviqi üzərində qurduğunu qeyd edən V.Hüseynov ölkəmizdə əcnəbilərin rahat yaşaması, təhsil alması, əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.  

Sonra Almatı Prosesinin əvvəlki sədri, Türkiyə Respublikasının nümayəndəsi cənab Mehmet Nasır Uçan, BMqT-nin Mərkəzi Asiya üzrə Subregional Koordinatoru Zeynal Hacıyev, BMT QAK-ın Mərkəzi Asiya üzrə nümayəndəsi cənab Dumitru Lipcanu açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun “Heydər Əliyev İli” çərçivəsində, eyni zamanda Ümummilli liderin irsinə xüsusi ehtiram əlaməti olaraq “Heydər Əliyev - Almatı Prosesi ölkələri arasında miqrasiya dialoqunun və insanlar arasında əlaqələrin inkişafı” mövzusunda geniş çıxışı olub. Çıxış zamanı Vüsal Hüseynov Ulu Öndərin həm Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə, həm də ölkəmiz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqı üçün yorulmaz fəaliyyətindən bəhs edib. Xidmət rəisi Ümummilli liderin Almatı Prosesində iştirak edən dövlətlərlə ikitərəfli və çoxtərəfli sıx əməkdaşlıq etdiyini, onun fəaliyyətinin bu qəbildən olan əməkdaşlıq platformalarının yaranmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb. Vüsal Hüseynov Ulu Öndər tərəfindən əsası qoyulmuş kursun onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirin gündəliyinə uyğun olaraq növbəti mərhələdə Dövlət Miqrasiya Xidmətinin təqdimatında Azərbaycanın Almatı Prosesinə sədrliyinin prioritetləri ilə bağlı təqdimatla çıxış edilib. Eyni zamanda iştirakçı dövlətlərin və təşkilatların nümayəndələri Almatı Prosesinin qabaqcıl təcrübə və inkişaf imkanlarından istifadədə rolu ətrafında fikir mübadiləsi aparıblar.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi İradə Bağırlı tərəfindən BMqT və Azərbaycanın birgə təşəbbüsü olan Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması üzrə təqdimat edilib və Mərkəzin Proses çərçivəsində potensialının gücləndirilməsi və tədqiqat üçün ümumi platforma kimi istifadəsi ilə bağlı müzakirələr aparılıb.

“Almatı Prosesi regionunda miqrasiya və pul köçürmələri inkişaf vasitəsi kimi” mövzusunda tədqiqatçı xanım Anna Proxorovanın da çıxışı dinlənilib.

Sonda Nəticə Protokolu imzalanıb. Protokola əsasən, Almatı Prosesinin 2023-2024-cü illər üzrə sədri qismində Azərbaycan Respublikası tərəfindən irəli sürülən istiqamətlərə və prioritetlərə dair razılıq bildirilib.

Almatı Prosesi çərçivəsində yüksək vəzifəli şəxslərin 8-ci görüşündən sonra “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” (Miqrasiya üzrə Qlobal Pakt) üzrə “Regional Əməkdaşlığın İnkişafı və Cəmiyyətlərimizin Tərəqqisi üçün İnsan Yerdəyişməsindən Faydalanma” mövzusunda hibrid formatda müzakirə keçirilib. Miqrasiya üzrə Qlobal Paktın həyata keçirilməsi ilə əlaqədar “Çempion ölkə” qismində Azərbaycanın və BMT-nin Miqrasiya Şəbəkəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə insanların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi, miqrantların uğurlu inteqrasiyasının əmək bazarının ehtiyaclarının qarşılanmasına və iqtisadi inkişafa verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur