Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının regional direktoru ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru cənab Manfred Profazi ilə görüşüb.
Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində əsas tərəfdaşlarından biri olan BMqT ilə miqrasiya idarəçiliyinin müxtəlif istiqamətlərində sıx əməkdaşlıq etdiyini bildirib.
Birgə layihələrin əhəmiyyətini vurğulayan Vüsal Hüseynov hazırda BMqT ilə əməkdaşlıq şəraitində iki beynəlxalq layihənin uğurla icra olunduğunu qeyd edib. Xidmət rəisi bildirib ki, region ölkələrində miqrasiya sahəsində potensialın gücləndirilməsinə yönələn Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması və inkişafı üçün atılmış addımlar Xidmət ilə təşkilat arasında mövcud olan səmərəli əməkdaşlığın nümunəsidir.
Xidmət rəisi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Qlobal Pakt) effektiv həyata keçirilməsi istiqamətində DMX və BMqT arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb, bir neçə gün əvvəl dərc edilmiş 2013-2020-ci illəri və 2021-ci ilin ilk 10 ayını əhatə edən Azərbaycanın Milli Miqrasiya Profilinin yenilənməsində BMqT-nin dəstəyini xüsusi ilə vurğulayıb. Bundan əlavə, əsas məqsədi miqrasiya idarəçiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması olan Miqrasiya İdarəçiliyi İndikatorları prosesi çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub.
Səmimi görüş üçün təşəkkürünü bildirən cənab Manfred Profazi mövcud münasibətlərin uğurla inkişaf etdiyini, Dövlət Miqrasiya Xidmətinin təşkilatın əsas strateji tərəfdaşlarından biri olduğunu, Azərbaycanın Qlobal Paktın icrasında və təşviqində nümunəvi fəaliyyət göstərdiyini, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini və önəmli rolunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.