Ağdamda maarifləndirmə tədbiri, Ağsu və Ağdaşda səyyar xidmət keçirilib
Dövlət Miqrasiya Xidməti davamlı olaraq, aidiyyəti dövlət orqanları ilə birgə qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində regionlarda maarifləndirmə tədbirləri həyata keçirir.
Növbəti tədbir Yevlax regional miqrasiya idarəsi tərəfindən Ağdamda “Tənzimlənməyən miqrasiya hallarına qarşı mübarizə və insan alveri” mövzusunda keçirilib.
Rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin, hüquq mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdəki hüquqları, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Qanunsuz miqrasiyanın qarşısının alınmasının insan alverinə qarşı mübarizədə əhəmiyyəti vurğulanıb.
Həmçinin əcnəbilərin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilməsi qaydaları, mərkəzə yerləşdirilən şəxslərin hüquqları və vəzifələri barədə də geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bundan başqa Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən Ağsu rayonunun Qarabağlı kəndində və Ağdaşda yaşayan, sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı şəxslərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınması barədə qərar təqdim edilib və müvafiq icazə vəsiqələrinin müddətinin uzadılması ilə bağlı tələb olunan sənədlər qəbul edilərək icraata götürülüb.