newsPhoto

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədr müavini ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə birgə təşkil olunmuş vətəndaşsızlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsi sədrinin müavini xanım Janar Kojaxmetova ilə Dövlət Miqrasiya Xidmətində görüş keçirilib.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanovun rəhbərliyi ilə Xidmət əməkdaşları, həmçinin BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsul əməkdaşları iştirak edib.

Azərbaycan və Qazaxıstan arasında miqrasiya idarəçiliyi sahəsində münasibətlərin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdiyi vurğulanan görüş zamanı, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda iki ölkə arasında miqrasiya sahəsində mövcud əməkdaşlığın Azərbaycan Respublikasının bu ildən sədrlik etdiyi və Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi platforma olan Almatı Prosesi çərçivəsində də yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə DMX tərəfindən rəqəmsallaşmanın geniş tətbiqinə xüsusi diqqət yetirildiyi və  miqrasiya sahəsində göstərilən xidmətlərin əlçatanlığı xüsusi qeyd olunub.

İki ölkə arasında miqrasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin artırılmasının, eləcə də bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsi sədrinin müavini xanım Janar Kojaxmetova "ASAN xidmət" mərkəzində miqrasiya sahəsində göstərilən xidmətlərlə tanış olub.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur