newsPhoto

Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfrans təşkil edilib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə birgə Bakıda vətəndaşsızlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli konfrans təşkil edib.

Konfransda Azərbaycanın hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, hakimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, eləcə də Gürcüstan, Moldova, Türkiyə və Qazaxıstan Respublikalarından olan dövlət rəsmiləri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov konfransın keçirilməsində məqsədin növbəti il yekunlaşacaq on illik #Aidəm kampaniyası çərçivəsində əldə olunan nailiyyətlərə və çətinliklərə nəzər salmaq və ümumən vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində dövlətlərin təcrübələrini paylaşmaq  olduğunu bildirib.

Vüsal Hüseynov bu il 75-ci il dönümü qeyd olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin vətəndaşlıq hüququnun əsas insan hüquqlarından biri olduğunu təsdiq etdiyini, bununla belə hazırda dünyada milyonlarla insanın müxtəlif səbəblərdən bu hüquqdan məhrum olduğunu  qeyd edib.

1988-ci ildən başlayaraq Ermənistanın etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş 250 mindən artıq soydaşımızın həmçinin  vətəndaşlıq hüququnun pozulduğunu bildirən Vüsal Hüseynov, onların bu hüquqlarının təmin olunması ilə bağlı Azərbaycan höküməti tərəfindən müvafiq işlər görüldüyünü diqqətə çatdırıb.

Xidmət rəisi vətəndaşsızlığın qarşısı alına bilən bir problem olduğunu, onun həlli üçün davamlı və hərtərəfli tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Vüsal Hüseynov Azərbaycanın Vətəndaşlığı olmayan şəxslərin statusu haqqında 1954-cü il və Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyalarına qoşulmaqla beynəlxalq sahədə bu istiqamətdə fəaliyyətini xüsusi vurğulayıb. Eyni zamanda bu istiqamətdə ölkədaxili fəaliyyətə diqqət çəkən Xidmət rəisi, son 15 ildə Azərbaycanda 2000-dən artıq vətəndaşlığı olmayan şəxsin vətəndaşlığa qəbul edildiyini, 6 mindən çox vətəndaşsızlıq vəziyyətində olan şəxsin vətəndaşlıq mənsubiyyətinin tanındığını bildirib.  Vüsal Hüseynov 2019-cu ilin oktyabr ayında keçirilən BMT QAK-ın İcraiyyə Komitəsinin iclası çərçivəsində baş tutan Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Seqmentdə elan edilmiş vədlərin də ölkə tərəfindən uğurla yerinə yetirilməkdə olduğunu xatırladıb. Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin vətəndaşsızlıq hallarının aradan qaldırılması üzrə işçi qrupu çərçivəsində fəaliyyəti, həmçinin bu istiqamətdə ölkə üzrə mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsi barədə də məlumat verib.

Tədbirdə həmçinin BMT QAK-ın Azərbaycan üzrə Nümayəndəsi Bik Lum, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Daxili işlər nazirinin müavini İsmət Əliyev çıxış ediblər. 

Sonra BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Vətəndaşlığa gedən yol” filmi nümayiş olunub.

Tədbir panel müzakirələr çərçivəsində davam etdirilib.

Sonda mövzu üzrə konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur