newsPhoto

Vüsal Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında videobəyanatla çıxış edib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 53-cü sessiyası çərçivəsində miqrantların insan hüquqları üzrə xüsusi məruzəçisi ilə keçirilən interaktiv dialoqda videobəyanatla çıxış edib.

Vüsal Hüseynov Azərbaycanın miqrasiyanın idarə edilməsinin müxtəlif sahələrində, o cümlədən miqrantların hüquqlarının müdafiəsi, leqallaşdırma və vətəndaşsızlığın aradan qaldırılması istiqamətində mühüm irəliləyişlər əldə etdiyini vurğulayıb. Miqrasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədilə elektronlaşmadan istifadənin genişləndirildiyini qeyd edən Xidmət rəisi, miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırmanın artırılması məqsədilə miqrantlar üçün mütəmadi olaraq maarifləndirmə tədbirlərinin təşkil edildiyini bildirib.

Xidmət rəisi Miqrasiya üzrə Qlobal Pakt icrası ilə bağlı Çempion ölkə olaraq Azərbaycanın Beynəlxalq Miqrasiya İcmalı Forumunda fəal iştirak etdiyini vurğulayıb. Qlobal Qaçqınlar Forumu zamanı ölkəmizin öhdəsinə götürdüyü bütün vədləri yerinə yetirdiyini diqqətə çatdırıb.

Xidmət rəisi Azərbaycanın 30 ildən artıq işğal altında olan torpaqlarını azad etdikdən sonra 1 milyona yaxın məcburi köçkününün öz doğma yurd-yuvasına qayıtmaq hüququnu təmin etdiyini bildirib. Bununla da həmin şəxslərin 30 ildən artıq müddətdə pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün ilkin uğurlu addımların atıldığını vurğulayıb.  Məcburi köçkünlərin davamlı məskunlaşması və uğurlu reinteqrasiyasının təmin edilməsi istiqamətində Azərbaycan Hökuməti tərəfindən mühüm işlərin görüldüyünü bildirib.

Sonda Vüsal Hüseynov interaktiv dialoqun nəticələrinin miqrantların insan hüquqlarının müdafiəsi ətrafında qlobal müzakirələrin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur