“Miqrasiya məktəbi - 5” layihəsi uğurla yekunlaşıb
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Məktəbi - 5” layihəsinin yekun təlimləri keçirilib.
Təlimlər müxtəlif dövlət qurumlarının nümayəndələri - Ramil Kazımov, Mahir Soltanov, İlqar Alqayev, Emin Rüstəmov, Orxan Tapdıqlı, Məhəmməd Muradov, Kamal Binyətli, Müjdat Həsənov, Mirhüseyn Hüseynov və Nərmin Hacıyeva tərəfindən keçirilib.
Təlimlər “İnsan alverinə qarşı mübarizə”, “Miqrant qaçaqçılığı və ona qarşı mübarizə”, “Miqrantların əmək hüquqları və onların müdafiəsi”, “Dünyada Azərbaycan diasporu”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları”, “Azərbaycanda turizmin inkişafı və perspektivlər”, “Azərbaycan Respublikasının viza siyasəti”, “Azərbaycanlı tələbələrin xaricdə, əcnəbilərin isə Azərbaycan Respublikasında təhsil imkanları”, “Azərbaycan Respublikasında məcburi köçkünlərin hüquqlarının qorunması və qanuni mənafelərinin təmin edilməsi” mövzularına həsr olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, 6 aylıq layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq olub.