newsPhoto

“Miqrasiya məktəbi - 5” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Məktəbi - 5” layihəsi üzrə təlimlər davam etdirilir.

Bu istiqamətdə növbəti təlimlər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Natəvan Bayramova, Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Könül Cabbarova, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı Sənan Hacıyev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəsi Lamiyə Rzayeva-Əhmədli, Ədliyyə Akademiyasının təlimçisi, Mediasiya Şurasının üzvü Fidan Fətəliyeva, peşəkar kouç və təlimçi Kəbirə Məmmədova tərəfindən keçirilib.

Təlimlər “Azərbaycan Respublikasının miqrasiya siyasəti”, “Media savadlılığı”, “Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası”, “Beynəlxalq qaçqınların himayəsi, miqrasiyanın idarə edilməsində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rolu”, “Miqrasiya idarəçiliyində beynəlxalq təşkilatların rolu (MSBİM)”, “Ünsiyyət bacarıqları” və “Emosional zəka” mövzularına həsr olunub.

Bundan başqa, Miqrasiya məktəbi layihəsi çərçivəsində iştirakçılar Xidmətin Çağrı mərkəzi şöbəsində, Bakı şəhər Qanunsuz miqrantların saxlanılması mərkəzində olublar. Eyni zamanda onların Xaçmaz və Quba şəhərlərinə təlim səfərləri təşkil edilib. İştirakçılar Xaçmaz regional miqrasiya idarəsinin, "Quba Asan Xidmət" mərkəzinin miqrasiya bölməsinin işi ilə tanış olub, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Xatırladaq ki, layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur