Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsasında müvəqqəti yaşama icazəsinin əldə edilməsi halı ilə bağlı yeni güzəştlər müəyyən edilib.
Miqrasiya Məcəlləsinin 45.1.7-ci maddəsinə əsasən (sahibkarlıq fəaliyyəti ilə məşğul olma) müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün yeni güzəştlər müəyyən edilir. Dəyişiklikdən öncəki şərtlərə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbi müvəqqəti yaşama icazəsi əldə etmək üçün işçilərinin azı 80%-i Azərbaycan vətəndaşı olmaqla azı 5 (və ya natamam iş şəraitində 10) nəfər ilə əmək müqaviləsi bağlamalı (işə götürməli) idi. Dəyişiklikdən sonra işçilərin azı 80%-i Azərbaycan vətəndaşları ilə yanaşı, həm də daimi yaşama icazəsi olan, Azərbaycan vətəndaşı ilə nikahda olan, himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan vətəndaşı olan, sığınacaq axtaran, insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər də ola bilər.