newsPhoto

“Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a həsr olunan seminar keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə onlayn formatda seminar keçirilib.

Seminar Birləşmiş Millətlər Təşkilatının himayəsi altında hazırlanmış, beynəlxalq miqrasiyanın bütün aspektlərini vahid və hərtərəfli şəkildə əhatə edən ilk hökumətlərarası saziş olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a həsr olunub.

Tədbirdə Miqrasiya üzrə Qlobal Pakt barədə ümumi məlumat verilib, həmin sənədin daha səmərəli icrasına dair “Çempion ölkələr” təşəbbüsü, Miqrasiya Regional İcmalı Forumu, “Vəd et” çağırışı və digər təşəbbüslərin önəmi vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikası Miqrasiya üzrə Qlobal Paktın hazırlanmasında ilkin mərhələdən etibarən fəal iştirak edib. Ölkəmizin Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Miqrasiya üzrə Qlobal Pakta qoşulan, icrasına dair hesabatı təqdim edən və onu yeniləyən, habelə “Çempion ölkə” sırasına daxil olan ilk ölkələr sırasında olduğu qeyd edilib. Ölkəmizin 2022-ci ildə keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunun təşkilində rolu xüsusilə vurğulanıb, habelə ölkəmiz tərəfindən Miqrasiya üzrə Qlobal Paktın icrasına və nəzərdə keçirilməsinə dair həyata keçirilən digər tədbirlər barədə ətraflı məlumat verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur