newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Amela Mujagici və onun sələfi Vladimir Qyorqiyevi qəbul edib.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə miqrasiya idarəçiliyinin müxtəlif istiqamətlərində sıx əməkdaşlıq etdiyini qeyd edərək, əlaqələrin və tərəfdaşlığın inkişafında BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin verdiyi töhfələri yüksək qiymətləndirib.

Birgə layihələrin əhəmiyyətini vurğulayan Vüsal Hüseynov hazırda BMqT ilə əməkdaşlıq şəraitində iki beynəlxalq layihənin uğurla icra olunduğunu qeyd edib. Xidmət rəisi bildirib ki, region ölkələrində miqrasiya sahəsində potensialın gücləndirilməsinə yönələn Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması və inkişafı üçün atılmış addımlar Xidmət ilə təşkilat arasında mövcud olan səmərəli əməkdaşlığın nümunəsidir.

Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin ölkəmizdəki Nümayəndəliyinin müvəqqəti rəhbəri Amela Mujagic mövcud münasibətlərin uğurla inkişaf etdiyini, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini və önəmli rolunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur