BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov martın 30-da Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri xanım Bik Lumu qəbul edib.
Görüşdə xanım Bik Lumu bu təyinatı münasibətilə təbrik edən Vüsal Hüseynov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, Dövlət Miqrasiya Xidməti ilə BMT QAK arasında sıx əməkdaşlıq əlaqələrindən bəhs edib.
Xidmət rəisi qaçqınların və qaçqın statusu almaq niyyətində olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Ölkəmizin 2023-2024-cü illərdə Almatı prosesinə sədrliyi ilə əlaqədar qaçqınların müdafiəsi istiqamətində mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Bik Lum qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirib, birgə əməkdaşlığın inkişafına bundan sonra da öz töhfəsini verəcəyini bildirib.
Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.