newsPhoto

Azərbaycan növbəti iki ildə Almatı prosesinə sədrlik edəcək

Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi statusa malik Almatı prosesi çərçivəsində yüksək vəzifəli şəxslərin onlayn formatda görüşü keçirilib.

Öncə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun Türkiyədə baş verən təbii fəlakətlə bağlı başsağlığı görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Antonio Vitorinonun video müraciəti dinlənilib. A. Vitorino Azərbaycanın “Çempion ölkələr” kimi fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizi 2023-2024-cü illərdə Prosesə sədrlik etməsi münasibətilə təbrik edib.

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəçiliyi Qurumunun rəhbəri Savaş Ünlü Türkiyənin Almatı prosesinə 2021-2022-ci illər ərzində sədrliyi çərçivəsində gördüyü işlər barədə məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyev isə öz növbəsində Azərbaycanın sədrliyi dövründə Almatı prosesi çərçivəsində həyata keçiriləcək fəaliyyətin əsas prioritetlərini diqqətə çatdırıb. Eləcə də Almatı prosesinin iştirakçı dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilmək potensialına malik mühüm platforma olduğu qeyd edilib.

Görüşdə həmçinin miqrasiyanın idarə edilməsi və siyasətin işlənib hazırlanmasında regional tərəfdaşlıqların rolu üzrə müzakirələr aparılıb, İtalyanın və Türk Dövlətləri Təşkilatının yeni müşahidəçi statusu ilə bağlı məsələlərə baxılıb.

Sonra Almatı prosesinə sədrliyin 2023-cü ildən etibarən iki il müddətinə Azərbaycan Respublikasına keçməsi rəsmi olaraq elan olunub. Tədbirin yekunu olaraq Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkiyə və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Yekun Protokol imzalanıb. Protokolu Dövlət Miqrasiya Xidməti adından Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov imzalayıb.

Xatırladaq ki, 2013-cü ildən praktiki fəaliyyətə başlayan Almatı prosesinə sədrlik iki ildən bir iştirakçı dövlətlər arasında rotasiya əsasında həyata keçirilir. İndiyədək Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Türkiyə Almatı prosesinə sədrlik ediblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur