newsPhoto

“Miqrantların İnteqrasiya Strategiyasının, əlaqədar Fəaliyyət Planının və Tədris Proqramının hazırlanmasına dəstək” pilot layihəsinin açılış mərasimi keçirilib

Avropa İttifaqı (Aİ) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən birgə həyata keçirilən MİEUX+ (MIgration EU eXpertise – Miqrasiya üzrə Aİ təcrübəsi) birgə təşəbbüsü çərçivəsində “Miqrantların İnteqrasiya Strategiyasının, əlaqədar Fəaliyyət Planının və Tədris Proqramının hazırlanmasına dəstək” pilot layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Layihənin əsas məqsədi Azərbaycanda miqrantların inteqrasiyası üçün hərtərəfli yanaşmanın və səmərəli prosedurların tətbiqinə töhfə verməkdən ibarətdir. Bu çərçivədə miqrantların inteqrasiyası üzrə strategiyanın və onun fəaliyyət planının hazırlanması, eləcə də müvafiq maraqlı tərəflərin bacarıqlarının və biliklərinin gücləndirilməsi nəzərdə tutulur.

Açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov bu istiqamətdə ölkəmizdə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib, layihənin bu sahədə fəaliyyətlərin genişləndirilməsində önəmini vurğulayıb. Müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, özəl sektorun və miqrantların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir zamanı layihə və onun ölkədə həyata keçirilən digər təşəbbüslərlə qarşılıqlı əlaqəsi barədə ətraflı məlumat verilib.

Daha sonra miqrantların və qaçqınların inteqrasiyasına dair Azərbaycanda mövcud çərçivələr və ehtiyaclar üzrə qrup müzakirələri təşkil olunub, bu sahədə strateji sənədin hazırlanması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur