newsPhoto

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib

Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

Bu əlamətdar gün münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərliyi ilə şəxsi heyətin bir qrup əməkdaşı Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçək dəstələri düzülüb.

Şəhidlər xiyabanında Vətənimizin qəhrəman oğul və qızlarının unudulmaz xatirəsi yad edilib.

Sonra Dövlət Miqrasiya Xidmətinin aparatında qurumun yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş mərasim keçirilib. Tədbir iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətində Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsini simvolizə edən “Zəfər Guşəsi”nin  önünə gül dəstələri düzüblər.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Vüsal Hüseynov qurumun yaradılmasının 16-cı ildönümü və peşə bayramı günü münasibətilə Dövlət Miqrasiya Xidmətinin  əməkdaşlarına Prezident cənab İlham Əliyev tərəfindən ali xüsusi rütbələrin verilməsi və təltif edilməsini diqqətə çatdırıb. Bu münasibətlə onları təbrik edib. Cənab Prezidentə göstərdiyi yüksək diqqət və etimad üçün dərin təşəkkürünü bildirib.

Xidmət rəisi miqrasiya orqanları əməkdaşlarının müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Dövlət Miqrasiya Xidmətində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemi yaradılıb, xidmətin keyfiyyəti yüksəldilib, vətəndaş məmnunluğunun artırılılması istiqamətində kompleks tədbirlər görülüb.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin 16 il ərzində keçdiyi inkişaf yoluna nəzər yetirib, əldə edilən nailiyyətləri, reallaşdırılan yeni layihələri diqqətə çatdırıb.

Həmçinin Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara Xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı, həmçinin Xidmət rəisinin imzaladığı əmrlər elan olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur