Gəncədə maarifləndirmə tədbiri və qanvermə aksiyası keçirilib
Gəncə regional miqrasiya idarəsi tərəfindən miqrasiya qanunvericiliyinin təbliği məqsədilə Gəncə Dövlət Universitetində “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzusunda ali təhsil müəssisəsində təhsil alan əcnəbi və yerli tələbələrlə görüş keçirilib.
Tədbirdə Gəncə regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə ətraflı məlumat veriblər.
Sonra Xidmətin rəsmi internet səhifəsi üzərindən elektron müraciətlər izah olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində Gəncə regional miqrasiya idarəsi tərəfindən qanvermə aksiyası keçirilib. Regional idarə əməkdaşlarının iştirak etdiyi aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Mərkəzi Qan Bankının Gəncə bölməsində təşkil olunub.