Astarada Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar xidmət göstərilib
Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
Bu silsilədən olan növbəti tədbir Lənkəran regional miqrasiya idarəsi tərəfindən Astara rayonunda təşkil edilib. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydaları, qanunsuz miqrasiya hallarının aradan qaldırılması” mövzusuna həsr edilən tədbirdə Astara rayon İcra Hakimiyyətinin nümyəndələri, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının əməkdaşları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edib.
Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Astara rayonunun müxtəlif qəsəbə və kəndlərdə yaşayan sağlamlıq imkanı məhdud 12 şəxsə səyyar xidmət göstərilib. Müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib, müvafiq yaşama icazəsi vəsiqələri təqdim edilib.