Ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyasına dair müzakirə keçirilib
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) nümayəndələri arasında görüş keçirilib.
İctimai Şuranın sədri Azər Allahverənov təmsil etdiyi ictimai təsisatın ölkə ərazisində yaşayan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyası ilə əlaqədar həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib. A. Allahverənov ayrı-ayrı tərəfdaşlar tərəfindən icra olunan bu kimi fəaliyyətlərin bir mərkəzdən və vahid konsepsiya əsasında idarə olunmasının vacibliyini qeyd edib.
MSİBM-in layihə üzrə məsul şəxsi Lamiyə Rzayeva-Əhmədli Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və təmsil etdiyi təşkilat tərəfindən icra edilən “Azərbaycan ilə Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE 2)” layihəsi çərçivəsində MSİBM və DMX tərəfindən elan olunan “Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı” barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəyən əcnəbilər bir il ərzində davam edəcək proqram çərçivəsində dil bacarıqları, səhiyyə, təhsil, məşğulluq və digər sahələrdə göstərilən sosial xidmətlərdən yararlanmaq üçün zəruri dəstəklə təmin olunacaqlar.
Görüşdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasında maraqlı olduqlarını bildirib, ölkəmizdə bununla bağlı görülən işlər barədə məlumatları diqqətə çatdırıb.
İnteraktiv şəraitdə keçən tədbirdə əcnəbilərin yerli cəmiyyətə effektiv inteqrasiyasının təmini məsələləri ətrafında fikir mübadiləsi aparılıb.