newsPhoto

“Miqrasiya Məktəbi 5” layihəsində təlimlər davam etdirilir

Dövlət Miqrasiya Xidməti gənclərin miqrasiya ilə bağlı biliklərinin artırılması, bu sahəyə marağın oyadılması, dövlət idarəçiliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Bu layihələrdən biri də Miqrasiya Məktəbidir.  07 yanvar 2023-cü il tarixindən reallaşdırılan və 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılara miqrasiyanın müxtəlif sahələrinə həsr olunmuş 32 təlim keçiriləcək.

Təlimin ilk həftələrində “Beynəlxalq miqrasiya hüququ”, “Azərbaycanda əcnəbilərin olma və yaşama qaydaları”, “Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları”, “Miqrasiya barədə məlumat: əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri” mövzuları müzakirə olunub.

Növbəti təlimlər “Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi”, “Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənməsi” və “Tənzimlənməyən miqrasiya və ona qarşı mübarizə” mövzularına həsr olunub.

Təlimlərdə miqrasiya qanunvericiliyinin prinsipləri, əsas anlayışlar, miqrasiya proseslərinin iştirakçılarının hüquq və vəzifələri, əcnəbilərin qeydiyyata alınması, ölkəmizdə müvəqqəti olması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək miqrasiyası, habelə miqrasiya proseslərinə dövlət nəzarəti və tənzimlənməyən miqrasiya hallarının aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Qeyd edək ki, layihənin sonunda təlimi uğurla tamamlamış iştirakçılar sertifikatlarla təltif olunacaq.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur