newsPhoto

Dövlət Miqrasiya Xidməti mükafatlandırılıb

Dövlət Miqrasiya Xidməti (DMX)  “ASAN Xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə dair təqdimatda mükafatlandırılıb. Ənənəvi olaraq hər il keçirilən ​​tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində 2018-2021-ci illər ərzində ən yüksək göstəricilərə nail olmuş Dövlət Miqrasiya Xidməti xüsusi mükafata layiq görülüb, mükafat Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova təqdim olunub. Çıxış edən Xidmət rəisi göstərilən diqqətə görə təşəkkürünü bildirib, dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun və şəffaflığın təmininin Xidmət üçün əsas prioritetlər sırasında olduğunu və fəaliyyətin optimallaşdırılması istiqamətində görülən tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Vüsal Hüseynov qeyd edib ki, bu qiymətləndirmələr nəticəsində həyata keçirilən təkmilləşdirmələr vətəndaşların rahatlığının və məmnunluğunun artırılmasına töhfə verir.  

Tədbirdə 2022-ci ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

Mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci yerə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2-ci yerə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 3-cü yerə Dövlət Statistika Komitəsi, yerli icra hakimiyyəti orqanları arasında 1-ci yerə Binəqədi Rayon İcra Hakimiyyəti 2-ci yerə Suraxanı Rayon İcra Hakimiyyəti, 3-cü yerə Nizami Rayon İcra Hakimiyyəti,  hüquqi şəxslər arasında  isə 1-ci yerə  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 3-cü yerə “Azəriqaz” İstehsalat Birliyi layiq görülüb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti ötən il “ASAN xidmət indeksi” üzrə göstəriciləri 92,78 %-ə yüksəldərək ardıcıl 4-cü dəfə ən yaxşı nəticə göstərib.

Xatırladaq ki, qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur