“Miqrasiya Məktəbi - 5” layihəsi çərçivəsində ilk təlimlər keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya Məktəbi - 5” layihəsi üzrə təlimlərə başlanılıb.
Müsabiqədə uğur qazanmış iştirakçılarla görüşən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təşkil olunan kursun əhəmiyyətindən danışıb. DMX tərəfindən miqrasiya sahəsində savadlı, peşəkar mütəxəssislərin hazırlanmasına xüsusi önəm verildiyini bildirən Xidmət rəisi “Miqrasiya Məktəbi - 5” layihəsi çərçivəsində də gənclərin yeni bilik və təcrübə qazanacaqlarına əminliyini ifadə edib.
Layihə çərçivəsində iştirakçılara miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacağını deyən Vüsal Hüseynov iştirakçılara uğurlar arzulayıb.
Xatırladaq ki, 6 ay davam edəcək layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır. Təlimlər DMX-nin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcək.