Dövlət Miqrasiya Xidmətinin rəisi Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri cənab Radim Jak və təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Səltənət Məmmədova ilə görüşüb.
Qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycan ilə MSİBM arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib və ölkəmizdə təşkilatın Nümayəndəliyinin yaradılmasının bu əlaqələrinin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Xidmət rəisi birgə həyata keçirlən layihələrin, miqrantların və qaçqınların cəmiyyətə tam inteqrasiyasına dəstək məqsədilə reallaşdırılan səmərəli tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirən cənab Radim Jak iki qurum arasında gələcəkdə də miqrasiya sahəsində sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu və bu istiqamətdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.
Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.