newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BP şirkətinin nümayəndə heyəti ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi BP-nin enerji layihələrinin həyata keçirilməsi sahəsində Azərbaycanın əsas tərəfdaşı olduğunu bildirib, təşkilat ilə Dövlət Miqrasiya Xidməti arasında ötən illlər ərzində faydalı əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

Vüsal Hüseynov miqrasiya idarəçiliyinin biznes sektorunun inkişafına təsiri, miqrasiya xidmətlərinə müraciətlərin asanlaşdırılması, şəffaflığın təmin olunması, elektron xidmətlərin təkmilləşdirilməsi və sahibkarlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb, həmçinin Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasında BP-nin fəal üzvlüyünü yüksək qiymətləndirib.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkür edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib, mövcud əlaqələrin gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur