newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Moldova Respublikası Daxili İşlər Nazirliyinin baş katibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Moldova Respublikası Daxili İşlər Nazirliyinin baş katibi Sergey Diakonu ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin idarəolunmasında tətbiq edilən yeniliklər, miqrasiya məsələləri üzrə potensialın artırılması istiqmətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Xidmət rəisi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi və layihə çərçivəsində reallaşdırılan təlimlər barədə qonaqları məlumatlandırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə reallaşdırılan layihə regionda miqrasiya sahəsində təhsil və təlim prosesinə, bu sahədə mütəxəssislərin hazırlanmasına mühüm töhfə verməkdədir. Sözügedən layihə çərçivəsində Moldova Respublikasının fəal iştirakını yüksək qiymətləndirən Xidmət rəisi Mərkəzin bir təsisat kimi fəaliyyətinin təmin olunması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi üçün imkanların olduğunu bildirib.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkür edən Sergey Diakonu əməkdaşlıq əlaqələrinin ölkələrimizin rifahı naminə bundan sonra da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə miqrasiya proseslərinin idarəedilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.