Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində növbəti təlimin açılış mərasimi keçirilib
Dövlət Miqrasiya Xidməti, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəlikləri tərəfindən Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində birgə təşkil edilən “Qaçqınların Müdafiəsi üzrə Hüquqi və İnstitusional Çərçivə” mövzusunda təlimə start verilib.
Açılış sessiyasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təlimin önəmini diqqətə çatdırıb, Azərbaycanın “Qaçqınlar üzrə qlobal pakt” sənədinə qoşulan ilk dövlətlərdən biri kimi insanlar, ölkələr və cəmiyyətlərarası effektiv dialoqun qurulmasına xüsusi önəm verdiyini, ölkəmizdə qaçqınların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması istiqamətində lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki Nümayəndəliyinin Azərbaycanda Regional Miqrasiya üzrə Təlim Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdiyini qeyd edən Vüsal Hüseynov Təlim Mərkəzi çərçivəsində artıq bir sıra fəaliyyətlərin həyata keçirildiyini, o cümlədən regionda miqrasiya sahəsində təlim ehtiyaclarının qiymətləndirilməsinə dair hesabatın, mərkəzin yaradılmasına dair yol xəritəsinin, regional miqrasiya kurikulumunun hazırlandığını vurğulayıb.
Bugünkü təlimin məqsədinin iştirakçılara beynəlxalq müdafiənin əsas komponentləri və bununla bağlı milli çərçivə haqqında ümumi məlumatları çatdırmaq olduğunu bildirən Xidmət rəisi təlim iştirakçılarına uğurlar arzulayıb, onları Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətlərində aktiv iştiraka dəvət edib.
Sonra Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Quido Ambroso iştirakçıları salamlayaraq, bu təlimin əhəmiyyəti barədə öz fikirlərini bildirib. “Qaçqınların Müdafiəsi üzrə Hüquqi və İnstitusional Çərçivə” mövzusunda təlimin qaçqınların hüquq və azadlıqlarının təmin olunması, beynəlxalq müdafiənin əsas komponentləri haqqında məlumatların iştirakçılara çatdırılmasında əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu diqqətə çatdırıb.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev açılışda çıxış edərək, Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən təlimləri, o cümlədən regional miqrasiya kurikulumunun tətbiqini yüksək qiymətləndirib. Mərkəz çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin effektivliyini diqqətə çatdıran cənab Georgiyev bu tədbirlərin tərəfdaş ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.
Müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, elmi-dairələrin nümayəndələrinin iştirak etdiyi iki günlük təlimdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, yerli və beynəlxalq ekspertlər tərəfindən sığınacaq axtararan şəxslərin beynəlxalq müdafiəsi üzrə müxtəlif istiqamətlərdə təlimlərin keçirilməsi nəzərdə tutulub.