newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliyi “18 dekabr Beynəlxalq Miqrant Günü” münasibətilə “Azərbaycanda miqrasiya Sizin obyektivdə” adlı foto müsabiqə elan edir!

Azərbaycanda yaşayan, işləyən miqrantların cəmiyyətə inteqrasiyasına diqqəti artırmaq, yaradıcı yanaşma vasitəsilə miqrantların gündəlik həyat tərzi, cəmiyyətə inteqrasiyasını, həmçinin Azərbaycanda miqrantların müxtəlif sahələrdə fəaliyyətini ictimailəşdirmək, beynəlxalq miqrant gününə insanların diqqətini yönəltmək, miqrasiya mövzusuna fərdi və fərqli baxışların nümayişinə imkan yaratmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycandakı nümayəndəliyi ilə birgə “18 Dekabr – Beynəlxalq Miqrant Günü” ərəfəsində foto müsabiqə elan edir.

Müsabiqəyə təqdim olunan foto materiallar ölkəmizdə müvəqqəti və daimi əsaslarla yaşayan (işləyən, təhsil alan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, qohumluq əlaqələri olan və s.) əcnəbilərin ölkəmizə bağlılığını, Azərbaycan mədəniyyətinə, təbiətinə, kulinariyasına və s. sahələrə olan baxışlarını, gündəlik həyat tərzlərini, insanlarla münasibətlərinin müxtəlif çalarlarını əks etdirməlidir. Azərbaycanda miqrasiya prosesləri və miqrantlar mövzusunda assosiasiya yaradan istənilən foto kompozisiya müsabiqəyə qəbul edilir.

Qalib və mükafatçılar (1-ci yer 1 nəfər, 2-ci yer 1 nəfər, 3-cü yer 1 nəfər, həvəsləndirici yer 2 nəfər) 16 dekabr 2022-ci il tarixdə “Beynəlxalq Miqrant Günü” ərəfəsində təşkil olunacaq tədbirdə elan ediləcək.

Foto materiallar 5 dekabr 2022-ci il tarixədək “Azərbaycanda miqrasiya Sizin obyektivdə” mövzusu ilə musabiqe@migration.gov.az elektron ünvanına göndərilməlidir.

 

Müsabiqənin şərtləri:

  • Fotolar JPEG formatında, 300 dpi, uzun tərəfi 2000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə (telefonla da çəkilmiş fotoların təqdim olunmasına heç bir məhdudiyyət qoyulmur) göndərilməlidir.
  • Fotolar son 3 il ərzində çəkilməlidir.
  • Hər iştirakçı müsabiqəyə maksimum 3 ədəd foto təqdim edə bilər.
  • Təqdim edilən fotolar müəllifə məxsus olmalıdır. Lazım gəldikdə fotonun orijinal nüsxəsinin təqdim edilməsi istənilə bilər. Hər hansı bir müəllifin və ya internetdən yüklənilən fotoların yollanılması qadağandır.
  • Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda təqdim edilməlidir.
  • Fotonun üzərində heç bir ad, simvol, loqo və ya su nişanı olmamalıdır. Belə olduğu təqdirdə fotolar müsabiqəyə qəbul edilməyəcəkdir.
  • Fotoda kəsim, rəng doyma, kəskinlik, toz və kontrast düzəltmə kimi məqbul müdaxilə xaricində heç bir manipulyasiya və dəyişiklik qəbul edilmir. Fotonun bədii quruluşu dəyişdirilməməlidır.
  • Fotolar təqdim edildiyi zaman fotonun adı və çəkildiyi il qeyd olunmalıdır.
  • Müsabiqənin təşkilatçıları iştirakçıların fotolarına dair icazə və müəllif hüquqları ilə bağlı heç bir məsuliyyət daşımır.
  • Mükafat qazanan fotoşəkillər kommersiya məqsədi olmadan, yalnız sərgi, təqdimat, təşviqat xarakterli məqsədlər üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müəllifin adı və soyadı qeyd olunmaqla çap edilə bilər.
  • Fotolar kodlaşdırılaraq anonim şəkildə münsiflərə təqdim ediləcək. Münsiflər tərəfindən fotolara ballar veriləcək. Hər bir iştirakçının yalnız bir fotosu qalib ola bilər. Əgər bir neçə foto eyni bal toplayarsa, o zaman münsiflər heyəti bədii cəhətdən ən üstün olanını qalib etmək səlahiyyətinə malikdir. Münsiflərin qərarı müzakirə olunmur və onların verdiyi qərar yekundur. Xüsusi olaraq müsabiqə üçün təqdim olunan fotolara üstünlük veriləcək.
  • Müsabiqədə iştirak edən hər bir şəxs şərtlərlə razılaşdığını qəbul edir.
  • Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən fotolar qəbul edilmir.

 

Mükafat:

1-ci yer –Fotokamera

2-ci yer – GoPro Videokamera

3-cü yer  – Yüksək texniki göstəricilərə malik monitor

Həvəsləndirici yer – xüsusi hədiyyələr

 

Müsabiqə Avropa İttifaqının maliyyələşdirdiyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən icra edilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində təşkil olunur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur