Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası və İşçi Qrupunun görüşü keçirilib
Dövlət Miqrasiya Xidmətində ölkəmizdə yaşayan miqrantların Azərbaycan Respublikasının miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış Miqrant Şurasının və əlaqələndirici funksiyanı yerinə yetirəcək İşçi Qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Miqrant Şurasının Xidmətin əməkdaşlarından ibarət İşçi Qrupunun sədri Vahid Qəhrəmanov Şuranın yaradılmasının ölkəmizdə yaşayan miqrantların cəmiyyətimizə tam sosial inteqrasiyasının təmin edilməsi, miqrantlarla əməkdaşlığın gücləndirilməsi və miqrasiya ilə bağlı məsələlərin bütün aspektlərinin həllində ümumcəmiyyət yanaşmasının tamamlanmasına böyük töhfə verəcəyindən ümidvar olduğunu bildirib. Vahid Qəhrəmanov çıxışında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, elektron xidmətlərin genişləndirilməsi, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə görülən digər işlər barədə danışıb.
Sonra Miqrant Şurasının reqlamenti müzakirəyə çıxarılaraq qəbul olunub. Miqrant Şurası üzvlərinin səsverməsi yolu ilə Şuraya sədr seçilib.
Tədbirdə həmçinin Azərbaycanda olan miqrantların üzləşdiyi problemlərlə bağlı məsləhətləşmələr və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.